ELM VƏ TƏHSİL
Naxçıvan Dövlət Universitetində Bilik gününə həsr olunmuş yığıncaq keçirilmişdir
Bakı, 16 sentyabr (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində (NDU) Bilik gününə həsr olunmuş yığıncaq keçirilmişdir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən rektor, professor Saleh Məhərrəmov demişdir ki, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamı, Naxçıvan Muxtar Respublikasında (MR) intellektual potensiala göstərilən əvəzsiz qayğı NDU-da öz real əksini tapmaqdadır. Universitetin 108 hektarlıq ərazisində tikilən yeni tədris korpusları, tələbə sosial xidmət mərkəzi, tələbə evi, idman meydançaları ölkədə və Naxçıvan MR-da təhsilə, savadlı kadrların yetişməsinə göstərilən yüksək qayğının təzahürüdür. Məqsədyönlü təhsil strategiyasının nəticəsidir ki, Naxçıvanda möhkəm milli əsaslara malik, güclü maddi-texniki bazası olan müasir tipli universitet formalaşmışdır.
Qəbul imtahanında 690 bal toplayaraq hüquqşünaslıq ixtisası üzrə tələbə adını qazanan Surə Qurbanova və başqaları çıxışlarında inkişaf dinamikasına görə dünyanın ən nüfuzlu ali məktəbləri ilə rəqabətə girə biləcək bir təhsil ocağı olan NDU-nun tələbəsi adını qazandıqları üçün qürur duyduqlarını və burada tələbələrə yaradılan şəraitdən layiqincə istifadə edəcəklərini vurğulamışlar.
Sonda 600-dən yuxarı balla universitetə qəbul olunmuş tələbələrə tələbə biletləri təqdim edilmişdir.