ELM VƏ TƏHSİL
Naxçıvan Dövlət Universitetində (NDU) yığıncaq keçirilmişdir
Bakı, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində elm və təhsil müəssisələri qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə ilə əlaqədar Naxçıvan Dövlət Universitetində (NDU) yığıncaq keçirilmişdir.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, universitetin rektoru Saleh Məhərrəmov çıxış etmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə, o cümlədən muxtar respublikada elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından, yaradılan şəraitdən NDU da yetərincə bəhrələnməkdədir. Universitetin maddi-texniki bazasına, müasir texnologiyalar ilə təminatına, dünya təhsil sisteminə inteqrasiya olunmasına və yerli kadr potensialının gücləndirilməsinə göstərilən dövlət dəstəyi təhsil işçilərinin üzərinə düşən məsuliyyəti artırmışdır.
Rektor xatırlatmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə elm və təhsilin inkişafının hər bir ölkədə prioritet sahə olduğunu, yüksək təhsilli və geniş dünyagörüşə malik vətənpərvər gənclərin yetişdirilməsinin ölkənin gələcəyini təmin etdiyini vurğulamışdır.
Beş min nəfərlik tələbə kontingenti, 400-dən yuxarı professor-müəllim heyətindən ibarət NDU-nun kollektivi də Azərbaycanın gələcək tərəqqi və rifahını təmin edəcək, insan amilini şərtləndirən və əsas strateji sahələrdən biri olan elmin və təhsilin inkişafı üçün var-qüvvələri ilə çalışmalıdır.
Yığıncaqda tədris işləri üzrə prorektor Seyid Surə, elmi işlər üzrə prorektor Mübariz Nuriyev, tərbiyə işləri üzrə prorektor Məmməd Rzayev və başqaları çıxış edərək elmi tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, müxtəlif elmi layihələrin həyata keçirilməsi, beynəlxalq elmi simpozium və konfransların təşkili, virtual elmi əməkdaşlığın inkişafı məsələlərindən danışmışlar.
Yığıncağa universitetin rektoru yekun vurmuşdur.