İQTİSADİYYAT
NAXÇIVAN MODUL TİPLİ ELEKTRİK STANSİYASININ ƏSAS QURĞULARININ ÖZÜLLƏRİNİN BETONLAŞDIRILMASI BAŞA ÇATMAQ ÜZRƏDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Naxçıvan modul tipli elektrik stansiyasının tikintisində əsas qurğuların özüllərinin betonlaşdırılması başa çatmaq üzrədir.
Hazırda mütəxəssislər obyektdə tüstü borularını, radiatorları və digər qovşaqları quraşdırmağa başlamışlar. Eyni zamanda ərazidə inzibati bina inşa olunur, hasar çəkilir və başqa işlər görülür. Eləcə də, elektrik stansiyasının su təchizatı üçün beş kilometrlik boru kəmərinin çəkilişi başa çatmışdır.
Stansiyada quraşdırılması nəzərdə tutulan hər biri 8,7 meqavatlıq on generatordan üçünün bu həftə gətiriləcəyi gözlənilir.
Elektrik stansiyası ilə paralel şəkildə 110 kilovoltluq yardımçı stansiyanın tikintisi də davam etdirilir. Obyektdə hər biri 25 meqavatlıq beş transformator quraşdırılmışdır.