SİYASƏT
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNDƏ GÖRÜŞ
Naxçıvan, 8 sentyabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sentyabrın 8-də Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas və səfirliyin missiya rəhbərinin müavini George Papanikolaou ilə görüşmüşdür.
Qonaqları səmimiyyətlə salamlayan Ali Məclisin sədri Azərbaycanla Yunanıstan arasındakı əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə etmişdir. Bildirmişdir ki, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin inkişafına yaxşı zəmin yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevral ayında Yunanıstana rəsmi səfəri ikitərəfli əlaqələrə böyük töhfələr vermişdir. Ölkələrimiz arasındakı sosial-iqtisadi və digər sahələrdə dostluq və əməkdaşlıq əlaqələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasını da əhatə edir. Yunanıstanın ölkəmizdəki sabiq səfirinin 2006-cı il mayın 22-də muxtar respublikaya səfəri zamanı ayrı-ayrı sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilmiş, Naxçıvan Dövlət Universiteti ilə Yunanıstan universitetləri arasında əlaqələrin yaradılmasına dəstək verilmişdi. Artıq bu sahədə müəyyən tədbirlər həyata keçirilmiş, azərbaycanlı tələbələr Yunanıstan ali məktəblərinə göndərilərək müəyyən təcrübə qazanmışlar. Belə əlaqələr təkcə təhsil sistemini deyil, digər sahələri də əhatə edə bilər. Xüsusən səhiyyə, turizm sahələrində geniş əməkdaşlıq imkanları mövcuddur.
Yunanıstan səfiri hər iki ölkə arasındakı əlaqələrin hazırkı səviyyəsindən razılığını bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana səfərindən sonra qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini vurğulamış, Naxçıvanla ayrı-ayrı sahələrdə əməkdaşlıq imkanları ilə maraqlanmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
######