ELM VƏ TƏHSİL
Naxçıvanda keçirilən inşa müsabiqəsinin və məktəblilərin fənn olimpiadasının qalibləri mükafatlandırılmışlar
Naxçıvan, 31 may (AZƏRTAC, Rauf Əliyev). Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa müsabiqəsi və məktəblilərin fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
AZƏRTAC xəbər verir ki, mərasimi giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin öyrənilməsi baxımından belə tədbirlərin əhəmiyyətli olduğunu bildirmişdir.
Təhsil naziri Ulu Öndərin “Hər bir xalqın gələcəyi xeyli dərəcədə onun təhsilinin hansı səviyyədə olmasından asılıdır” kəlamını xatırladaraq gənclərin doğma Vətənə məhəbbət ruhunda böyüməsi, zəngin biliklərə yiyələnməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Bildirilmişdir ki, dahi rəhbərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-da uğurla davam etdirilir. Hər il qədim diyarda yeni məktəb binaları inşa olunur, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir, tədrisin yüksək səviyyədə qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Valideyn Həsən Həsənov çıxış edərək demişdir ki, müsabiqə və olimpiadalar şagirdlərin fəal həyat mövqeyinin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. O, məktəblilərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərə görə muxtar respublika rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sonra inşa müsabiqəsində və fənn olimpiadasında mükafata layiq yerlər tutan şagirdlərə fəxri fərmanlar, diplomlar və hədiyyələr təqdim olunmuşdur.