REGİONLAR
Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4 faizədək artıb
Naxçıvan, 27 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında bir il öncəyə nisbətən 3,8 faiz çox, yəni 334 milyon 397 min 900 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan dövrdə muxtar respublikada diri çəkidə 17 min 725 ton ət, 70 min 231 ton süd istehsal edilib. Bu da 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 2,4 və 2,6 faiz çoxdur. Muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 116 min 122 baş, qoyun və keçilərin sayı 716 min 107 baş olub ki, bu da 1 oktyabr 2016-cı il tarixə olan göstəricilərdən müvafiq olaraq 1,5 və 2 faiz artıqdır.
Ötən dövrdə 100 min 116 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 750 ton dən üçün günəbaxan, 72 min 314 ton tərəvəz, 36 min 378 ton ərzaq üçün bostan məhsulları, 38 min 122 ton meyvə, 9 min 732 ton üzüm toplanılıb. Hazırda bir neçə məhsul növü üzrə yığım davam edir.
Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikadan 85 milyon 482 min 400 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.