REGİONLAR
Naxçıvanda kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etdirilir
Naxçıvan, 4 yanvar (AZƏRTAC). Naxçıvanda fəaliyyət göstərən “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan, heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması muxtar respublikada kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıq və quşçuluq təsərrüfatlarının da inkişafında mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, qarışıq qüvvəli yem istehsalını artırmaq məqsədi ilə Almaniya və Türkiyədən alınmış, istehsal gücü saatda 3 ton olan müasir texnoloji avadanlıq və hər birinin tutumu 10 ton olan 4 ədəd bunker quraşdırılmışdır. Burada müxtəlif çeşiddə ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quş yemləri istehsalına başlanılmışdır. İndiyədək müəssisədə istehsal edilən qarışıq qüvvəli yem muxtar respublikada bu məhsula olan illik tələbatın 40 faizini ödəyirdi. Həmin məhsula olan tələbatın 100 faiz yerli istehsal hesabına ödənilməsi və yeni bir müəssisənin yaradılması üçün dövlət tərəfindən maliyyə dəstəyi göstərilmişdir.
Qısa müddətdə yeni müəssisə inşa olunmuşdur. İstehsal gücü saatda 10 ton olan müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıq və hər birinin tutumu 20 ton xammal olan 9 bunker quraşdırılmışdır. Beləliklə, heyvandarlıq və quşçuluq təsərrüfatlarının səmərəli fəaliyyətinə şərait yaradılmış, bu sahədə məhsul istehsalı artımına nail olunmuşdur. Muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və quşçuluq təsərrüfatlarının yeni müəssisədə istehsal olunan qüvvəli yemlə təmin olunması əlavə xərclərin qarşısını almışdır.
Hazırda muxtar respublikada ətlik-südlük heyvandarlıq və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının illik qüvvəli yemə olan tələbatı 70 min tona yaxındır. Bunun 50 min tonu ətlik-südlük heyvandarlıq, 20 min tonu isə ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının payına düşür. Bu müəssisənin istifadəyə verilməsi ilə qüvvəli yemə olan tələbat 100 faiz ödənilmiş, idxaldan asılılıq tamamilə aradan qaldırılmışdır. Hazırda müəssisənin xammala olan tələbatının bir qismi yerli istehsal hesabına ödənilir. Gələcəkdə xammala olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin olunacaqdır.
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə keyfiyyətli məhsul istehsalı həyata keçirilir. Anbardan gətirilən xammal bunkerlərə vurulduqdan sonra üyüdülür. Üyüdülmüş məhsul elevator vasitəsilə qarışdırma bunkerində qarışdırılır və avtomatik olaraq paketləmə sahəsinə göndərilir. Qarışıq yem istehsalı sahəsində xammal kimi taxıl emalı müəssisəsində istehsal zamanı əldə olunan yarımfabrikatlardan da istifadə olunur. Ayrı-ayrı mərhələlərdən keçməklə hazırlanan 4 çeşiddə məhsul 50 kiloqramlıq kisələrdə “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır.
Yeni istehsal sahəsinin yaradılması keyfiyyətli məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasına da əlverişli şərait yaratmışdır. Müəssisədə 25 nəfər daimi işlə təmin olunmuşdur.