REGİONLAR
Naxçıvanda professor Tamerlan Əliyevin 100 illiyi qeyd olunub
Naxçıvan, 4 oktyabr, AZƏRTAC
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin anadan olmasından 100 il ötür. Tamerlan Əliyev 1921-ci il oktyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Azərbaycan tibb elminin müasir istiqamətlərinin müəyyənləşdirilməsində, dünya səviyyəsinə çıxmasında, tibbi tədqiqatlardan dəyərli nəticələr əldə edilməsində Tamerlan Əliyevin əvəzsiz xidmətləri olub.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında professor Tamerlan Əziz oğlu Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfransda səsləndirilib.
Əvvəlcə professor Tamerlan Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov professor Tamerlan Əliyevin Azərbaycan tibb tarixi salnaməsinə qızıl hərflərlə yazılmış xidmətləri, gənc həkimlərimiz üçün örnək olan çoxşaxəli fəaliyyəti haqqında danışıb. Nazir qeyd edib ki, Tamerlan Əliyev olduqca mənalı bir insan, alim, həkim, pedaqoq ömrü yaşayıb. Bütün həyatını Azərbaycan tibb elmi və səhiyyəsinin tərəqqisinə həsr edib, çox sayda elmi-tədqiqat işləri ilə elmimizə misilsiz töhfələr verib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Tamerlan Əliyevin gənc elmi kadrların yetişməsinə, bacarıqlı, savadlı alimlər ordusu sıralarının artmasına qayğıkeşliklə rəhbərliyindən bəhs edib, unudulmaz alimin əziz xatirəsinin hər birimizin qəlbimizdə daim yaşayacağını və yad ediləcəyini bildirib.
Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanası Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyeva “Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin həyat və fəaliyyəti”, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar həkimi Süleyman Cəfərov “Professor Tamerlan Əliyevin elmi fəaliyyəti, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin professoru, tibb elmləri doktoru, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah İsa Abdullayev “Tamerlan Əliyevin pedaqoji fəaliyyəti”, Səhiyyə Nazirliyinin Tibbi statistika və İnformasiya sektorunun aparıcı məsləhətçisi Xavər Babayeva “Tamerlan Əliyev qayğıkeş həkim, ictimai xadim, tibbi kadrların hazırlanmasında rolu” barədə çıxışlar ediblər.