ELM VƏ TƏHSİL
NAXÇIVANDA TƏLƏBƏ ELMİ İŞLƏRİ MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Özəl Universitetinin “Heydər Əliyev və müstəqil Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda muxtar respublikanın ali və orta ixtisas məktəblərinin tələbələri arasında keçirdikləri elmi işlərin müsabiqəsinə yekun vurulmuşdur.
Müsabiqəyə 19 elmi iş təqdim edilmişdi.
Münsiflər heyətinin rəyinə əsasən, Naxçıvan Dövlət Universitetinin III kurs tələbəsi, Prezident təqaüdçüsü Mehdi Əliyev birinci olmuşdur. Özəl Universitetin II kurs tələbəsi Rəqsanə İbrahimova və Müəllimlər İnstitutunun I kurs tələbəsi Rəvanə Fətəliyeva ikinci, Tibb məktəbinin III kurs tələbəsi Nihadə Babayeva, Dövlət Texniki Kollecin I kurs tələbəsi Kamran Novruzov və Musiqi kollecinin IV kurs tələbəsi Nuray Hüseynova üçüncü yeri tutmuşlar.
Qalib tələbələrə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları verilmişdir.