İQTİSADİYYAT
Nazir Şahin Mustafayev: Təkcə son 2 il ərzində ölkəmiz Gürcüstan iqtisadiyyatına 210 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatırmışdır
Qəbələ, 25 may (AZƏRTAC). Azərbaycanda 150-dən artıq gürcü şirkəti, Gürcüstanda isə 300-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri tərəfindən indiyədək Gürcüstanda 7700-dən artıq iş yeri yaradılmışdır. Təkcə son 2 il ərzində ölkəmiz Gürcüstan iqtisadiyyatına 210 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 25-də Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iştirak edən iqtisadi inkişaf naziri Şahin Mustafayev müsahibəsində demişdir. Buna misal olaraq Azərbaycan şirkətləri tərəfindən Gürcüstanda həyata keçirilən inşaat, turizm və nəqliyyat infrastrukturu layihələrini, hazırda Kulevi sənaye zonasında tikilməkdə olan karbamid istehsalı zavodunu göstərmək olar.
Nazir ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirmişdir. Nazir demişdir: “Üçtərəfli formatda müxtəlif tədbirlərin davam etdirilməsi, ölkələrimizin regionları arasında əməkdaşlığın gücləndirilməsi, dövlətlərarası elektrik enerjisi mübadiləsi imkanlarının artırılması, maliyyə institutlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması, turizm sahəsində əlaqələrin genişləndirilməsi Azərbaycan-Türkiyə-Gürcüstan regional əməkdaşlığının daha da möhkəmlənməsində əhəmiyyətli olacaqdır”.