İQTİSADİYYAT
“Neft Daşları” yatağında yeni platforma quraşdırılacaqdır
Bakı, 1 iyul (AZƏRTAC). “Neft Daşları” yatağı üçün yeni 602A saylı platformanın inşası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq platformanın baş podratçısı Şirkətin “Neftqaztikinti” trestidir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 14 quyunun qazılması üçün nəzərdə tutulan platforma dənizin 25 metr dərinliyində yerləşdiriləcəkdir. Platforma 2 hissədən - 6 bloklu istehsalat və 2 bloklu yaşayış sahələrindən ibarət olacaqdır ki, bu sahələr hər birinin uzunluğu 33 metr olan 2 piyada körpüsü ilə əlaqələndiriləcəkdir. Platformada ən müasir qazma avadanlığı, vertolyot meydançası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, Avtomatlaşdırılmış İdarəetmə Sistemi, Qazqızdırıcı qurğu, yanğından mühafizə sistemi, eləcə də quyuların qazlift üsulu ilə istismarı məqsədilə Avtomatlaşdırılmış Qazpaylayıcı Qurğu və digər zəruri avadanlıqlar quraşdırılacaqdır. Ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcəkdir.
Platformadan sutkada 140 ton neft və 9 min 200 kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulmuşdur. Platformanın 2014-cü ildə istismara veriləcəyi gözlənilir.