İQTİSADİYYAT
Neft hasilatının azaldılmasına dair sazişin müddəti uzadılmasa “qara qızıl”ın qiyməti 40 dollara düşəcək
Bakı, 9 mart, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələr neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətini uzatmasa “qara qızıl”ın bir barrelinin qiyməti 40 dollara düşəcək.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın aparıcı şist nefti istehsalçılarından biri olan “Pioneer Natural Resources Co.”nun icraçı direktoru Skot Şefield deyib. O bildirib ki, ABŞ-da şist nefti istehsalçılarının diqqəti OPEC və qeyri-OPEC ölkələrinin bu ilin iyun ayında müddəti başa çatacaq neft hasilatının gündəlik 1,8 milyon barrel azaldılması sazişinə yönəlib: “Əgər OPEC bu müqavilənin müddətini uzatmasa neftin qiyməti 40 dollar/barrel səviyyəsinə geriləyəcək. Bu da ABŞ-da şist nefti hasilatı üzrə gələcək investisiyalara əhəmiyyətli təsir göstərəcək”.
Qərbi Texas və Nyu-Mexikodakı “Permian” bölgəsinin son 2,5 ildə neft quyularının ən çox qazıldığı yer olduğunu deyən S.Şefield bildirib ki, neftin qiyməti 40 dollar/barrelə düşərsə bu, regiondakı qazma quyularına mənfi təsir göstərəcək və digər bölgələrdəki şist nefti axtarışının da iqtisadi səmərəsi olmayacaq: “Lakin hər şey qaydasında gedərsə, bu regionda hasilat indiki - gündəlik 2,3 milyon barrel səviyyəsindən 8-10 milyon barrelə yüksələcək.”