ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutunun Dissertasiya şurasının ilk onlayn iclası keçirilib
Bakı, 6 may, AZƏRTAC
Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının pandemiya dövründə ilk onlayn iki iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclası Dissertasiya şurasının sədri, akademik Vaqif Fərzəliyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qaydalarına uyğun olaraq dissertasiya müdafiələrinin onlayn keçirilməsi təqdirə layiqdir.
Birinci iclasda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçısı Samir Şahmuradovun Neft kimyası ixtisasında “Tsikloalkilxlorfenolların aminometil törəmələrinin sintezi və tətbiq sahələrinin tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. Elmi rəhbər kimya elmləri doktoru, professor Çingiz Rəsulovdur.
Digər ikinci iclasda isə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçısı Lalə Mahmudovanın neft kimyası ixtisasında “Heterogen katalizatorların iştirakı ilə bitki yağlarından biodizelin alınması və onun əsasında dizel yanacaq kompozisiyalarının hazırlanması və tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. Elmi rəhbər kimya elmləri doktoru, professor Mirzə Mövsümzadədir.
Qeyd edək ki, hər iki iddiaçı yekdilliklə müsbət səs alaraq müdafiəni uğurla keçiblər.