İQTİSADİYYAT
Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşa ediləcəyi ərazidə mövcud infrastrukturun köçürülməsi məqsədilə işlərə başlanılmışdır
Bakı, 11 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inşa edəcəyi Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQNK) üçün müvafiq torpaq sahəsinin ayrılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinə edilmiş müraciətə müsbət cavab verilmişdir.
Bu məqsədlə Bakı şəhər və Abşeron rayon icra hakimiyyətlərinin müvafiq sərəncamları əsasında Qaradağ və Abşeron rayonlarının həmsərhəd ərazisində - Səngəçal terminalının yaxınlığında 4 min 200 hektara yaxın torpaq sahəsi ayrılmışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin ərazidə mövcud olan infrastrukturların köçürülməsi məqsədilə müvafiq qurumlarla danışıqlara başlanılmışdır. Qeyd olunan ərazidə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus rabitə xətləri, “Azərsu” ASC-yə məxsus su xətti, “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xətti, “Azərenerji” ASC-yə və “Bakıelektrikşəbəkə” ASC-yə məxsus yüksək gərginlikli elektrik xətlərinin keçdiyi nəzərə alınaraq, bunların köçürülməsi ilə əlaqədar aidiyyəti təşkilatlarla birlikdə layihələndirmə işləri həyata keçirilməkdədir.
Layihələndirmə işləri yekunlaşdıqdan sonra müvafiq tikinti təşkilatları cəlb ediləcək və həmin xətlərin köçürülməsi işlərinə başlanacaqdır.