ELM VƏ TƏHSİL
Neft və Qaz İnstitutunun doktorantura və dissertanturasına sənəd qəbulu davam edir
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunda fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu davam edir.
Neft və Qaz İnstitutundan AZƏRTAC-a bildirilib ki, elmi müəssisəyə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 2 yer (neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı 1 yer, neft və qaz yataqlarının işlənməsi və istismarı 1 yer), elmlər doktoru proqramı üzrə dissertanturaya 3 yer (neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı 1 yer, neft və qaz yataqlarının işlənməsi və istismarı 2 yer) ayrılıb.
Sənədlərin qəbulu dekabrın 28-də başa çatacaq.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Dövlət İmtahan Mərkəzində (DİM) imtahan verməlidirlər. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanında iştirak edə bilərlər.
Əlavə informasiyanı www.science.az saytından əldə etmək olar.
Xatırladaq ki, fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra DİM-in saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.
Xarici dildən imtahanların müəyyən olunmuş proqram əsasında DİM tərəfindən 2020-ci il yanvarın 10-dan 15-dək keçirilməsi planlaşdırılır.