ELM VƏ TƏHSİL
Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış edib.
İnstitutun şöbə müdiri texnika elmləri üzrə fəlsəfə doktoru Bünyad Kazımovun “Neftqazçıxarmada ilkin məlumatların qeyri-müəyyənliyi şəraitində idarəetmə qərarlarının qəbulu” mövzusunda məruzəsi dinlənilib. Təqdim olunan məruzə icmal səciyyəsi daşımaqla, ilk növbədə tədqiqatçıların diqqətini neftqazçıxarma problemlərinin tədqiqi zamanı məlumatların qeyri-müəyyənliyi çərçivəsində qeyri-səlis çoxluqlar nəzəriyyəsinə əsaslanan riyazi yanaşmanın tətbiqinə həsr olunub.
Müəssisənin elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova 2022-ci il üçün institutun iş planını təqdim edib.
AMEA-nın müxbir üzvü Qərib Cəlalov və texnika elmləri doktoru Mahir Rəsulov “Ehtiyatı çətin çıxarılan neft yataqlarına dispers sistemlərlə təsir zamanı yaranan fiziki-kimyəvi və hidrotermodinamiki proseslərin tədqiqi” adlı elmi tədqiqat işinin yerinə yetirilməsinin gedişatı haqqında (2020-2022) məlumat verib.
İnstitutun Təhsil şöbəsinin müdiri Arif Hüseynov Neft və Qaz İnstitutunun magistraturasında təhsil alan tələbələrin payız sessiyası üzrə attestasiyanın nəticələrini diqqətə çatdırıb.