Neftçala rayonunda təhsil işçilərinin konfransı keçirilmişdir
Neftçala, 11 sentyabr (AZƏRTAC). Sentyabrın 11-də Neftçala rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda rayonda yeni tədris ilinə hərtərəfli hazırlıq görüldüyü bildirilmişdir. Yeni tədris ilində ümumtəhsil məktəblərində 10 minə yaxın şagird oxuyacaq, 1.600 müəllim onların təlim-tərbiyəsi ilə məşğul olacaqdır. Əlli iki təhsil ocağının hamısında cari təmir işləri aparılmış, səliqə-sahman yaradılmışdır. Parta, yazı taxtası, 14 mindən çox yeni dərslik, əyani vəsait və digər avadanlıq alınaraq məktəblərə paylanılmışdır. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsilin keyfiyyət göstəricisinə müsbət təsir göstərir.
Diqqətə çatdırılmışdır ki, ötən ilki məzunlardan 202 nəfəri ali məktəblərə qəbul olunmuş, onlardan 33 nəfəri 500-600 arası, 10 nəfəri isə 600 baldan yuxarı nəticə göstərmişdir. Konfransda ötən illə müqayisədə 600-dən yuxarı nəticə göstərənlərin iki dəfə artması xüsusi qeyd olunmuşdur.
Rayon icra hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova çıxış edərək, müəllimləri yeni dərs ili münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Təhsilin inkişafı və onun beynəlxalq standartlara çatdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan natiq Neftçalada bu istiqamətdə görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Xəzərkənd məktəbinin şagird və müəllimləri yeni dərs ilinə yeni binada başlayacaqlar. Bundan başqa, hazırda Qaraimanlı kəndində 360 yerlik məktəb binasında tamamlama işləri gedir və qarşıdakı ildə də bu işlər davam etdiriləcəkdir.
Sonda tədrisdə fərqlənən müəllimlərin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilmişdir.