İDMAN
“Neftçi” futbol klubunun prezidenti məşqçilər korpusu və komandanın üzvləri ilə görüşmüşdür
Bakı, 12 yanvar (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Bakının “Neftçi” futbol klubu təlim-məşq toplanışı üçün Türkiyədədir.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, “Neftçi”nin prezidenti Sadıq Sadıqov Antalyadakı “Mardan” İdman Kompleksində yerləşmiş komandanın düşərgəsinə gəlmişdir. Klub prezidentinin ilk gündən komandanın yanında olması futbolçularda əlavə ruh yüksəkliyi yaratmışdır. S.Sadıqov buradakı şərait ilə yaxından tanış olandan sonra məşqçilər korpusu və komandanın üzvləri ilə görüşmüşdür.
S.Sadıqov bildirmişdir ki, artıq neçə ildir “Neftçi” qış hazırlıq mərhələsini burada keçirir. Yüksək səviyyədə hazırlıq üçün istənilən şərait vardır. Ardıcıl iki il ölkə çempionu olan “Neftçi”, Avropa Liqasında da qrup mərhələsinə adlayaraq tarix yazmışdı. Bunun davamını gətirmək üçün hazırlıq dövründə məşqçilər heyəti, eləcə də futbolçular var qüvvələri ilə çalışmalıdırlar. Artıq Bahodir Nasimov da müalicəsini başa vuraraq komanda üzvlərinin sıralarına qoşulmuşdur. Eyni zamanda, komandanın gücləndirilməsi üçün yeni futbolçular da cəlb olunacaqdır. Bu, futbolçular arasında sağlam rəqabətin artmasına səbəb olmaqla yanaşı, komandanın gücünə əlavə güc qatacaqdır.
Qeyd edilmişdir ki, “Neftçi”də gənc futbolçuların yetişdirilməsini hər zaman diqqət mərkəzində saxlamışıq. Bu gün də əsas məqsədlərimizdən biri gənclərimizi daha da inkişaf etdirməkdir. Elə buna görə də, Antalya hazırlığına həmişə olduğu kimi əsas heyətin üzvləri ilə yanaşı, gənc futbolçular da cəlb olunmuşdur. İnanıram ki, onlar özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Gənclərin daha təcrübəli komanda yoldaşları ilə birgə meydana çıxması inkişafa səbəb olacaq başlıca amillərdəndir. Bu gənclərin püxtələşməsi “Neftçi” ilə yanaşı, Azərbaycan futboluna da gələcəkdə faydalı olacaqdır.
Sonda “Neftçi”nin prezidenti komandanın qazandığı tarixi uğurun davamını gətirmək üçün əsas hədəfin çempionluq olduğunu bir daha vurğulamışdır.