İQTİSADİYYAT
“Neftqaztikinti” tresti Dövlət Neft Şirkətinin istehsalat sahələrində tikinti-quraşdırma işlərini uğurla davam etdirir
Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” Tresti tərəfindən N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli neft yığım məntəqəsində 2 ədəd 2000 kubmetrlik neft çəninin tikintisi sahəsində işlər qrafikə uyğun davam etdirilir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məqsəd dənizdəki neft quyularından çıxarılan neftin çənlərə yığılması və təyinatı üzrə paylanmasıdır. Çənlərin biri artıq istismara təhvil verilmiş, ikinci çəndə isə quraşdırma işləri davam etdirilir. Obyektin cari ilin sonunadək istismara təhvil verilməsi planlaşdırılır.
“Neftqaztikinti” Tresti tərəfindən ARDNŞ-in təlim, tədris və sertifikatlaşdırma idarəsinin Qobustan regional tədris mərkəzində “Qaynaq sexi binasının tikintisi” obyekti üzrə tikinti-quraşdırma işlərini də yerinə yetirilmişdir.
Layihə çərçivəsində sahəsi 590 kvadratmetr olan qaynaq sexi və ikimərtəbəli tədris korpusu tikilmişdir. Layihənin məqsədi plastik boruların qaynağı üzrə usta, qaynaqçı, tornaçı, frezerçi və quraşdırıcıların hazırlanması, eyni zamanda, qeyd olunan peşələr üzrə şirkətin tabeçiliyindəki müxtəlif müəssisə və təşkilatlarda çalışan işçilərin dövri olaraq attestasiyadan keçirilməsindən ibarətdir.
Qaynaq sexi binasında tikinti-quraşdırma işlərinə ötən ilin iyununda başlanılmış və obyekt cari ilin mayda istismara təhvil verilmişdir. Layihə üzrə işlər trestin 5 nömrəli tikinti-quraşdırma idarəsi tərəfindən həyata keçirilmişdir.