CƏMİYYƏT
Nərimanov rayonunda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar nəticəsində ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahıl vətəndaşların sosial müdafiəsinin davamlı güclənməsinə imkan yaradıb. Bu gün respublikamızda ahıllara müxtəlif sosial xidmətlər göstərilir, onların sağlamlığının qorunması, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır.
İ.Mahmudova, həmçinin Nərimanov rayonunda yaşayan ahılların güzəranının yaxşılaşdırılması, onların sağlam həyat tərzində yaşamalarının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü, ölkənin sosial, ictimai və mədəni həyatında fəal iştiraklarının təmin olunması üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, ictimaiyyətin nümayəndələri və ahıllar çıxış edərək bu zümrədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərdən, eyni zamanda, gənclərimizin ahıl insanların zəngin təcrübəsindən yararlanması istiqamətində görülən işlərdən danışıb, ahıllara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.