CƏMİYYƏT
Nərimanov rayonunda spirtli içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Bakı, 8 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Nərimanov rayonunda A. Hacıyev küçəsi, ev 4 ünvanında fəaliyyət göstərən “Organic Green Line” QSC-yə məxsus spirtli içkilərin istehsalı müəssisəsində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına riayət edilmədiyi, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub.
Həmçinin “Organic Green Line” əmtəə nişanlı spirtli içkinin etiket məlumatlarının reseptura ilə uyğunluq təşkil etmədiyi müəyyən olunub. Resepturaya əsasən, istehsal prosesində sirop istifadə olunmadığı halda etiket məlumatlarında məhsulun tərkibində təbii baldan hazırlanmış sirop olduğu göstərilib.
Aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.