CƏMİYYƏT
Nərimanov rayonunda Vətən müharibəsi şəhidi Azad Bəkirlinin anım mərasimi keçirilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Bakının Nərimanov rayonunda ötən ilin payızında Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsində şəhid olan Azad Bəkirlinin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatları, rayon icra hakimiyyəti və ictimaiyyət nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət edib, torpağımızın azadlığı uğrunda qurban gedən digər Vətən oğullarının məzarlarına əklil və gül dəstələri qoyulub.
Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsinə həsr edilən videoçarx nümayiş olunub.
Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvü Rasim Musabəyov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və başqaları Azad Bəkirlinin göstərdiyi vətənpərvərlik və igidlik nümunəsini təqdir edib, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən şəhidin əziz xatirəsinin nəsillər boyu yad ediləcəyini bildiriblər.
Azad Bəkirlinin xatirəsinə həsr olunmuş anım mərasimində ehsan verilib, şəhidin ruhuna dualar oxunub.
Qeyd edək ki, Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılan Azad Bəkirli Vətən müharibəsinin ilk günündən etibarən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. O, Cəbrayıl və Füzuli rayonları uğrunda gedən hərbi əməliyyatlarda şücaət göstərib. Oktyabrın 21-də Füzuli istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhadətə yüksəlib.