SİYASƏT
Nigar Arpadarai: Onlayn məsuliyyətsizlik insan hüquqlarının pozulmasına aparır
Strasburq, 24 iyun, AZƏRTAC
Müasir dünyada onlayn kommunikasiya üzərində nəzarət güc deməkdir. Bəşəriyyət tarixində hələ heç vaxt insanların davranışlarına təsir etmək üçün bu qədər səmərəli üsul olmayıb. Bu, kifayət qədər qorxulu perspektivdir. Onlayn nəzarət və ya manipulyasiya mexanizmləri tətbiq olunduqda, sosial media rəhbərlərindən, eləcə də təhlükəsizlik xidmətlərindən hesabatlılıq tələb edilə bilməməsi isə daha qorxuludur. Bu gün internet məkanında bir neçə məlum tendensiya müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Nigar Arpadarai qurumun yay sessiyasında “Onlayn kommunikasiyaya nəzarət: media plüralizmi, məlumat azadlığı və insan ləyaqətinə təhlükə” adlı məruzənin müzakirələri zamanı söyləyib.
İqtisadi amilə toxunan azərbaycanlı deputat bildirib ki, böyük korporasiyalar, sosial media sahibləri, eləcə də elektron vasitələr və proqram istehsalçıları bazara ikili istifadə məqsədli proqram və alətlər çıxarırlar. Telefonlardakı mikrofon dostlarla danışmağa kömək etdiyi kimi, davranış nümunələrini toplayaraq, hər kəsin korporasiyalara aid profilinə çevirir. Bu profil vasitəsilə korporasiyalar insanların istəklərini və motivlərini öyrənir və insanları müəyyən məhsullar almağa sövq edirlər. Mənfəət əldə etmək üçün insanların zəifliklərindən məharətlə istifadə edirlər.
“Bu gün bununla bağlı real tənzimləmə mövcud deyil. Tənzimləyicilər onlayn nə baş verdiyini başa düşmürlər. İnsanların hüquqlarının pozulması, manipulyasiya, korporativ tamah onlayn reallıqlardır”,-deyə N.Arpadarai bu reallıqların tədricən monopoliyaya apardığını deyib.
Qeyd edib ki, böyük sayda şəxsi məlumatlara çıxışı olan nəhəng sosial media sahibləri, onlara çıxışı olmayan kiçik bizneslər üzərində əsassız üstünlük əldə edirlər. Böyük şirkətlər böyüyür, kiçik müəssisələr isə onların təzyiqi altında əziyyət çəkir. O, həmçinin bildirib ki, narahatlıq doğuran tendensiya böyük ölkələrin təhlükəsizlik xidmətlərinin onlayn baş verənlər barədə susmalarıdır. İnternetin mövcud arxitekturası onlara nəzarətsiz və məhdudiyyətsiz təsir imkanları yaradır. Bu, olduğu yerdən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünyada hər bir şəxs və sosial media sahibləri ilə xüsusi əlaqələrə malik olmaq imtiyazına malik olmayan kiçik ölkələr və millətlər üzərində təsir alətidir. Sosial medianın sırf biznes və əyləncə olduğuna dair hər hansı bəyanat tamamilə cəfəngiyyatdır, sosial media silahdır. “Böyük” ölkələrin internetdə etdiklərinə görə məsuliyyətin olmaması təhlükəli bir vəziyyət yaradır. Zahirən nəcib məqsəd kimi görünsə də, əslində, onlar tədricən kiçik xalqlara təzyiq etmək imkanını əldə edirlər.
“Dünyanın ən qədim və tanınmış insan haqları təşkilatı olan Avropa Şurasında biz bu kütləvi çağırışlara uyğunlaşmaq üçün islahatlar aparmalıyıq. Bu mövzuda aparılan müzakirələrə hələ də hazır deyilik və təşkilatın missiyasını və planlarını nəzərdən keçirməliyik. Təəssüf ki, azad internet zəngin və güclülərin kiçik və kasıbları sui-istifadə etdiyi məkana çevrilib”, - deyə N.Arpadarai internetdəki tendensiyaların Avropa Şurasının əsas missiyası olan insan hüquqlarının pozulmasına apardığını bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris