DÜNYA
Nijni-Novqorodun mərkəzində sığın tutulmuşdur
Bakı, 5 oktyabr (AZƏRTAC). AZƏRTAC Lenta.ru saytına istinadla bildirir ki, meşədən qaçıb şəhərə girmiş sığını tutmaq üçün Nijni-Novqorodun mərkəzində əməliyyat keçirilmişdir.
Hadisə oktyabrın 4-də səhər şəhərin Sormovo rayonunda baş vermişdir. Şahidlərin dediklərinə görə, heyvan şəhərə Moskva şosesi tərəfdən daxil olmuşdur.
Birdən-birə özünü böyük şəhərin mərkəzində görən sığın vahiməyə düşmüş, nəqliyyatın və piyadaların hərəkəti üçün çətinliklər yaratmışdır. Sığının göründüyü Yefremov küçəsinə Fövqəladə Hallar Nazirliyinin və şəhər yol hərəkəti təhlükəsizliyi müfəttişliyinin əməkdaşları çağırılmışlar.
Vəhşi heyvanı tutmaq üçün bir neçə saat vaxt sərf olunmuşdur. Heyvana yuxugətirici iynə vurulduqdan sonra onu yenidən meşəyə aparmaq lazım gəlmişdir. Bu əməliyyatı isə, öz növbəsində, ovçular və balıqçılar cəmiyyəti həyata keçirmişdir.
Xoşbəxtlikdən sığınla görüşdən heç kim zərər çəkməmişdir. Şəhərdə səyahəti zamanı sığının özünün bir zədə alıb almaması isə
dəqiqləşdirilməmişdir.