MƏDƏNİYYƏT
NİYAZİNİN 27-YƏ QƏDƏR FOTOSU DÖVLƏT FİLM FONDUNA TƏQDİM OLUNMUŞDUR
Bakı, 18 iyun (AZƏRTAC). Azərbaycanın görkəmli bəstəkarı və dirijoru, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazinin çoxsaylı fotoları Dövlət Film Fonduna təqdim olunmuşdur.
Bu arxiv materialları Dövlət Film Fondu rəhbərliyinin kolleksiyaçı Georgi Miçiaşvilinin ailəsi ilə uzun müddət apardığı danışıqlar nəticəsində əldə edilmişdir. Fondun direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev bildirmişdir ki, görkəmli bəstəkar və dirijor Niyazinin 27-yə qədər fotosunun neqativi bu günlərdə Fonda hədiyyə edilmişdir. Həmin fotolardan ibarət sərgi keçirmək də nəzərdə tutulmuşdur.
Rəssamlar Fərhad Xəlilov, Elbəy Rzaquliyev, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, bəstəkarlar Soltan Hacıbəyov, Cövdət Hacıyevin şəkillərinin neqativləri də Fonda təqdim olunmuşdur. Bütün bu materiallar tezliklə bərpa ediləcəkdir.