CƏMİYYƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Bosniya və Herseqovinada bir sıra görüşlər keçirib
Bakı, 4 mart, AZƏRTAC
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovla görüşüb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Şefik Caferoviçə mərkəzin Qərbi Balkanlardakı fəaliyyəti, Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən Qlobal Bakı Forumunun artan əhəmiyyəti müzakirə edilib.
Həmçinin VIII Qlobal Bakı Forumunun yekunlarına nəzər salınıb, qarşıdan gələn IX Forumun gündəliyində yer alan dünyada sülhün, təhlükəsizliyin təmin edilməsi, müxtəlif regionlarda davam edən münaqişələrin həlli yolları kimi məsələlərlə bağlı irəli sürülən ideya və təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan “Qələmin Sehri” kitabının xüsusi nəşri təqdim olunub.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov səfər çərçivəsində Bosniya və Herseqovinanın sabiq Prezidenti, Mərkəzin üzvü Mladen İvaniç və sabiq Baş nazir Zlatko Laqumdziya ilə də görüşlər keçirib.