SİYASƏT
NORVEÇİN VƏ ALMANİYANIN ÖLKƏMİZDƏKİ MÜVƏQQƏTİ İŞLƏR VƏKİLLƏRİ AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRLİYİNƏ DƏVƏT OLUNMUŞLAR
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da Norveç Krallığının və Almaniya Federativ Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkilləri Lars Hansen və Peter Zigler Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunmuşlar.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir müavini Vaqif Sadıqov ilə görüşün əsas mövzusu Emin Abdullayev və Adnan Hacızadə barəsində qaldırılmış cinayət işi üzrə Səbail Rayon Məhkəməsinin qəbul etdiyi qərarla bağlı Norveçin və Almaniyanın Azərbaycandakı səfirliklərinin müvafiq olaraq noyabrın 11-də və 12-də yaydıqları bəyanatlar olmuşdur.
V.Sadıqov xarici səfirliklərin sənədlərində əks olunmuş fikirlərin Azərbaycan tərəfindən təəccüblə qarşılandığını və böyük təəssüf doğurduğunu diplomatların nəzərinə çatdırmışdır. Bildirilmişdir ki, məhkəmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun və prosessual qaydalara riayət edilərək həyata keçirilmiş, o cümlədən məhkəmənin işinin şəffaflığı təmin edilmiş və mətbuat tərəfindən işıqlandırılması üçün bütün şərait yaradılmışdır.
Səfirliklərin sənədlərində səslənmiş fikirlər tam əsassız, ölkələrimiz arasında münasibətlərin səviyyəsinə uyğun olmayan və onların inkişafına təsir edə bilən, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi və qəbulolunmaz hal kimi qiymətləndirilmişdir.
Hər iki diplomat bu məsələyə dair Azərbaycanın mövqeyini öz rəsmi qurumlarına çatdıracaqlarını bildirmişlər.