SİYASƏT
Nyu-Yorkda “Qadınlar uşaqlar naminə” adlı xeyriyyə aksiyası keçirilmişdir
Bakı, 24 may (AZƏRTAC). Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, mayın 18-də Nyu-Yorkda Asiya və Sakit okean regionu dövlətlərinin daimi nümayəndələrinin xanımlarının üzv olduqları qrupun təşkilatçılığı ilə “Qadınlar uşaqlar naminə” adlı xeyriyyə aksiyası keçirilmişdir.
BMT-yə üzv dövlətlərin daimi nümayəndələrinin, BMT baş katibi Pan Gi Munun və BMT Baş Assambleyasının prezidenti N.Əl Nasirin xanımlarının, eləcə də BMT-nin Uşaq Fondunun (UNİCEF) əməkdaşlarının iştirak etdikləri tədbirin məqsədi münaqişələr və təbii fəlakətlər nəticəsində yetim qalmış uşaqlara yardım göstərilməsi olmuşdur. Aksiyada 30-dan çox ölkənin milli mətbəx nümunələri və milli geyimləri nümayiş etdirilmişdir.
Xeyriyyə aksiyasında Azərbaycan d iştirak etmiş, müvafiq maliyyə yardımı göstərmişdir. Bundan başqa, aksiya zamanı Telman Cəlilovun rəqs qrupu çıxış etmiş, dizayner Nadya Şərifinin hazırladığı Azərbaycan milli geyimləri nümayiş etdirilmişdir. Azərbaycan milli geyimləri iştirakçıların böyük marağına səbəb olmuşdur.
Xeyriyyə aksiyası nəticəsində yığılmış maliyyə vəsaiti UNİCEF-in hesabına keçirilmişdir.