Oğrular cəzasız qalmayacaqlar
Bakı, 2 iyun (AZƏRTAC). Daxili işlər orqanları əməkdaşları paytaxtın Sabunçu və Suraxanı rayonlarında qeydə alınmış bir neçə oğurluq hadisəsinin üstünü açmışlar.
Xəbər verildiyi kimi, Ənvər Məmmədovun mobil telefonu oğurlanmışdır.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində telefonu oğurlamış Ağdam rayon sakini İlham Quliyevi tutmuşlar.
Martın 15-də isə Taleh Becanovun bağ evindən 240 metr uzunluğunda elektrik kabeli oğurlanmışdır.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin əməkdaşlarının axtarış-əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsinin Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elşən Səbzəliyev tərəfindən edildiyi məlum olmuşdur. Aparılmış əməliyyat tədbirləri nəticəsində onun Bağır Nəzərova məxsus avtomaşınların təmiri sexindən avtomaşın hissələri, Rəsmiyyə Qasımovanın həyətindən isə 2 baş qoyun oğurlaması da müəyyən edilmişdir.
Mayın 31-də isə Rasim Mövsümovun bağ evinin həyətindən 2 ədəd su çənini oğurlamış Bakı şəhər sakini Fikrət Əliyev də Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Hövsan qəsəbəsində isə Bakı şəhər sakini Nəcəf Nəcəfova məxsus mağazadan 40 manat və danışıq kartları oğurlanmışdır.
Suraxanı Rayon Polis İdarəsi 30-cu bölməsinin əməkdaşları oğurluq etmiş şəxsləri müəyyənləşdirmişlər. Oğurluqda təqsirli bilinən Bakı şəhər sakinləri Kənan Babayev və Əmrah Əhədov tutularaq məsuliyyətə cəlb edilmişlər.
İyunun 1-də Hövsan qəsəbəsində “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinə məxsus neft mədəninin ərazisindən işlək vəziyyətdə olan su borusunun 305 metrlik hissəsi kəsilərək oğurlanmışdır.
Oğurluq etmiş Suraxanı qəsəbə sakinləri Bəhruz Abdullayev, Əhmədxan Əhmədov və Badara Əzizov Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla əlaqədar araşdırma aparılır.