İQTİSADİYYAT
Oğuz rayonunun 7 kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihələri uğurla başa çatmışdır
Bakı, 12 mart (AZƏRTAC). “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhərinin, eləcə də respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrinin də içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.
Səhmdar Cəmiyyətin tədbirlər proqramına uyğun olaraq bölgələrdə içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə işlər görülür.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, proqram çərçivəsində Oğuz rayonunun Xaçmaz, Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihələri uğurla başa çatdırılmış və Novruz bayramı ərəfəsində yeni infrastruktur istismara verilmişdir.
Martın 11-də Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndlərinə, ayın 12-də isə Xaçmaz kəndinə suyun verilməsi ilə əlaqədar açılış mərasimləri keçirilmişdir.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir. Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir.
Hazırda “Azərsu” ASC-nin sifarişi əsasında ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin 300-dən artıq kənd və qəsəbəsində su layihələri uğurla icra olunur. 2013-cü ildə isə 10-a yaxın şəhərdə yeni layihələrə start veriləcəkdir. Bu tədbirlərin tərkib hissəsi olan Oğuz rayonunun 7 kəndinin içməli su təchizatının yaxşılaşdırılması nəticəsində içməli sudan əziyyət çəkən 17 mindən artıq sakinin problemi öz həllini tapmışdır. Gələcəkdə rayonun digər kəndlərində də su layihələrinin icrasını planlaşdırırıq.
Açılış mərasimlərində çıxış edən kənd sakinləri neçə illərdir davam edən və kəndlərin ən böyük qayğılarından olan içməli su məsələsinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Ötən il icrasına başlanmış layihə çərçivəsində bulaq və çaylarda sugötürücü qurğular tikilmiş, ümumi uzunluğu 80 kilometr olan magistral su xətti çəkilmişdir. Yeddi kəndi fasiləsiz içməli su ilə təmin etmək üçün ümumi tutumu 4600 kubmer olan 11 su anbarı tikilmiş, 223 kilometrlik paylayıcı su şəbəkəsi yaradılmışdır. Kəndlərdə hər bir evə çıxış verilmiş və 3425 su sayğacı quraşdırılmışdır.
Layihənin icrası nəticəsində Oğuz rayonunun Xaçmaz, Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndlərinin əhalisinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır.
Bundan başqa, “Azərsu” ASC Ağdam, Tərtər, Füzuli, Ağcabədi, Zaqatala, Balakən, Salyan, Xızı, Şabran, Siyəzən, Lerik, Yardımlı və Gədəbəy rayonlarının içməli su çatışmazlığı müşahidə olunan kəndlərində də qısa müddətdə belə layihələr həyata keçirmişdir. Görülmüş tədbirlər nəticəsində 2012-ci ildə həmin rayonların 32 mindən çox sakininin içməli su problemi öz həllini tapmışdır.