ELM VƏ TƏHSİL
OĞUZDA YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Oğuz rayonunun Bucaq kəndində dövlət vəsaiti hesabına inşa edilmiş 260 şagird yeri olan yeni orta məktəb binası istifadəyə verilmişdir.
Mərasimdə Milli Məclisin deputatı Eyvaz Qurbanov, təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov və digər natiqlər ümummilli liderimiz Heydər Əliyevin təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində başladığı məqsədyönlü fəaliyyətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərildiyini xüsusi vurğulamışlar. Qeyd etmişlər ki, son 4 ildə respublikamızda 1200-dən artıq yeni məktəb binası, o cümlədən Oğuz rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə 4, dövlət vəsaiti hesabına isə 2 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Bu istiqamətdə tədbirlərin bundan sonra da ardıcıl davam etdiriləcəyi bildirilmişdir.
Məktəbin rəhbərliyi və kənd sakinləri belə bir dəyərli hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyanın nümayişindən sonra yeni məktəb binasının açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş, mərasim iştirakçıları burada yaradılan şəraitlə tanış olmuşlar.
Xüsusi layihə əsasında müasir standartlara uyğun unşa edilmiş, smeta dəyəri 750 min manat olan üçmərtəbəli binada 32 sinif otağı, o cümlədən fənn kabinetləri, kompyuter otağı, idman zalı, kitabxana, bufet və s. vardır. Məktəb yüksək keyfiyyətli avadanlıqla, müasir istilik sistemi ilə təchiz olunmuşdur.