REGİONLAR
Oğuzlu fermerlər indiyədək 170 ton quru tütün istehsal ediblər
Oğuz, 2 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Oğuz rayonunun təsərrüfatlarında 110 hektar sahədə tütün əkilib. Oğuzlu fermerlər cari mövsümdə 90 hektarda “Virciniya” növ ətirli, 20 hektarda isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Fermerlər mövsümün əvvəlindən indiyədək 170 ton quru tütün istehsal ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Hazırda rayonun Bucaq kəndində 10, Bayan kəndində isə 23 tütünqurutma kamerasından ibarət emal məntəqələri fəaliyyət göstərir. Tələbatı nəzərə alaraq, bu kəndlərdə əlavə 12 tütünqurutma kamerası quraşdırılır.
Xatırladaq ki, keçən il Oğuzda 377,4 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 88 ton artıb.