İQTİSADİYYAT
Oktyabr ayında vergi orqanlarına daxil olmuş müraciətlərdən 80,3 faizi tam həllini tapıb
Bakı, 14 noyabr, AZƏRTAC
2018-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 11045 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz çoxdur.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 90,3 faizi ərizə, 9,6 faizi şikayət, 0,1 faizi isə təklif xarakterli olub, 50 müraciətin icrası xüsusi nəzarətə götürülüb.
Müraciətlər müxtəlif arayışların alınması, kameral vergi yoxlamaları, vergi borcları, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, vergi qanunvericiliyinin tətbiqi, səyyar vergi yoxlamaları, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), operativ vergi nəzarəti, korrupsiya hüquqpozmaları və digər məsələlərlə bağlı olub.
Daxil olmuş müraciətlərdən 80,3 faizi tam, 0,2 faizi qismən həllini tapıb, 17,7 faizi barədə müvafiq izahatlar verilib, 0,7 faizi baxılmamış saxlanılıb, 0,7 faizi əsassız sayılıb, 0,4 faizi aidiyyəti üzrə göndərilib, 0,1 faizi ilə bağlı icraata xitam verilib. Müsbət həll olunmuş müraciətlərin 56 faizi müxtəlif arayışların alınması, 24 faizi kameral vergi yoxlamaları, 9,9 faizi vergi borcları, qalanları isə digər məsələlərlə bağlı olub.
Ay ərzində vergi orqanlarının aidiyyəti struktur vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 438 vətəndaş qəbul edilib.