İQTİSADİYYAT
Oktyabrın 1-dən alkoqollu içkilər və tütün məmulatlarının alışına görə ƏDV geri qaytarılmır
Bakı, 6 oktyabr, AZƏRTAC
Məlum olduğu kimi, 2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib ki, bu dəyişikliklərin bir istiqaməti də “ƏDV geri al” mexanizminin təkmilləşdirilməsi çərçivəsində avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına ƏDV-nin qaytarılmasının istisna olunması ilə bağlıdır.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, dəyişikliyə əsasən, cari il oktyabrın 1-dən etibarən istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır.
Belə ki, alkoqollu içkilərin və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğunu nəzərə alaraq, həmin məhsullar ƏDV-nin geri qaytarılması şəklində stimullaşdırıcı tədbirlərin dairəsindən çıxarılıb.
Bununla yanaşı, “ƏDV geri al” mexanizminin tətbiqinə başlandıqdan ötən müddət ərzində aparılan təhlillər nəticəsində, ƏDV-nin qaytarılması prosesində xüsusilə alkoqollu içkilər və tütün məmulatlarının alqı-satqısı zamanı sui-istifadə hallarının yaranması müşahidə olunub.
Vergi Məcəlləsinə edilmiş dəyişiklik ilə ƏDV-nin geri qaytarılması mexanizmi pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə yanaşı, 2022-ci il yanvarın 1-dən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə də aid edilir.