REGİONLAR
Ölkədə heyvandarlığın inkişafı, əhalinin ət və süd məhsullarına tələbatını daha dolğun ödənilməsi ilə əlavə tədbirlə görülür
Bakı, 11 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır.
AZƏRTAC xəbər verir ki, Sərəncamdan məqsəd əhalinin ət və süd məhsullarına tələbatını daha dolğun ödəmək, heyvandarlıq məhsulları istehsalını intensiv inkişaf etdirmək və damazlıq işinin səviyyəsini yüksəltməkdir.
Sənəddə 2013-cü ildə xaricdən damazlıq heyvanların idxal olunmasının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının təmin edilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur.
Xatırladaq ki, damazlıq işinin yaxşılaşdırılması üçün “Aqrolizinq” ASC vasitəsilə 2009-cu ildən başlayaraq ölkəmizə xaricdən yüksək məhsuldar damazlıq heyvan gətirilərək güzəştli qiymətlərlə kənd təsərrüfatı istehsalçılarına satılır. Gətirilən damazlıq heyvanlar yerli şəraitə daha tez uyğunlaşaraq yüksək süd məhsulu və çəki artımı verir.