REGİONLAR
Ölkəmizdə qazilərin sağlamlığının qorunması, reabilitasiya kurslarını keçməsi üçün mühüm işlər görülür VİDEO
Naftalan, 22 iyul, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan dövləti şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə daim yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.
Müharibə əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühüm addımlar atılır. Eyni zamanda, qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm işlər görülür. Bu, onların öz sağlamlıqlarını bərpa etmələrinə töhfə verir.
AZƏRTAC-ın bölgə müxbiri Naftalanda şəhid ailələrinin, Vətən müharibəsindəki döyüşlərdə yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin sağlamlıqlarına qovuşması üçün müalicə aldığı sağlamlıq mərkəzinə baş çəkib, onlarla söhbət edib.
Ümumilikdə, 300-dən artıq xəstənin müalicə alması üçün bütün şəraitin mövcud olduğu sağlamlıq mərkəzində hazırda həm Birinci Qarabağ, həm də Vətən müharibəsinin iştirakçılarına yüksək tibbi xidmət göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi əsasında bura təyinat alan pasiyentlər əvvəlcə ümumi tibbi yoxlanışdan keçirilir, hər birinə zəruri müalicə kursu təyin edilir və effektiv bərpa-müalicə xidmətləri göstərilir.
“Qolumdan və bel nahiyəmdən aldığım yaralardan, bədənimin bu hissələrində olan ağrılardan əziyyət çəkirdim. Hiss edirəm ki, ağrılarım yavaş-yavaş azalır. Burada bütün xidmətlərdən istifadə edərək yüksək səviyyədə müalicə olunuruq. Sağ olsun dövlətimiz, bizə burada pulsuz müalicə almaq imkanı yaradır”, - deyə Birinci Qarabağ müharibəsi qazisi, Vətən müharibəsi iştirakçısı Elman Rzayev deyib.
Naftalan sağlamlıq mərkəzlərində əsasən dayaq hərəkət sistemindən, oynaq və digər xəstəliklərindən əziyyət çəkən xəstələr müalicə olunurlar. Sağlamlıq mərkəzində bu xəstəliklərin müalicəsi üçün masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlaterapiya, ozonaterapiya, hidropolonoterapiya, həmçinin möcüzəvi təsirə malik Naftalan neft vannası kabinetləri mövcuddur.
Vətən müharibəsi iştirakçısı Bəhram İmanov artıq iki ildir Naftalanda müalicə aldığını və müalicənin olduqca faydalı olduğunu deyib: “Birinci Qarabağ müharibəsində könüllü iştirak etmişəm. Göndərişlə artıq ikinci ildir ki, Naftalana müalicəyə gəlirəm. Keçən il ağrılarım lap çox idi, bu il isə azaldığını hiss edirəm. Müalicələr nəticəsində ayaqlarımdakı ağrının günü-gündən azaldığının şahidi oluram”.
Göndəriş əsasında sağlamlıq mərkəzinə qəbul edilən Birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarının müalicəsi 14 gün davam edir. Ümumi müayinədən sonra tibbi göstəriş olduqda pasiyentlər müalicə kursu müddətində 10-12 neft vannası və müalicə proseduru qəbul edirlər. Mərkəzə göndəriş alan və yaxud müraciət edən əlillərə dərman müalicəsi deyil, əsasən reabilitasiya, yəni funksiyanın bərpa edilməsi xidmətləri göstərilir.