İQTİSADİYYAT
Ölkəmizdəki sahibkarlar Almatıda tikinti və interyer sərgisinə dəvət edilirlər
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarlara müraciət edib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, sentyabrın 4-6-da Mərkəzi Asiyanın qabaqcıl tikinti və interyer sərgisi olan "KazBuild-2018" açılacaq. Qazaxıstanın Almatı şəhərində keçiriləcək sərgi brend və məhsullarını təqdim edə bilmək, müvafiq sahədə əlaqə qurmaq üçün bazarda fəaliyyət göstərən alıcılara birbaşa çıxış imkanı verir.
Sərgidə sahibkarlar məhsul və ya xidmətlərini yüksək səviyyəli auditoriyaya təqdim edə, müvafiq sahədə fəaliyyət göstərənlərdən məhsul və sənayeyə dair məlumatlar əldə edə, topdan pərakəndə satış, distribüter və müvafiq sahə üzrə mütəxəssislər ilə birbaşa təmas qura bilə, görüşmələr və razılaşmalar əldə etmək məqsədilə alıcılar ilə "B2B" görüşlərdə iştirak edə bilərlər.