SİYASƏT
ÖLKƏMİZİN İSVEÇDƏKİ SƏFİRİ AZƏRBAYCAN İCMA TƏŞKİLATLARI FEDERASİYASININ 11-Cİ QURULTAYINDA İŞTİRAK ETMİŞDİR
Bakı, 12 sentyabr (AZƏRTAC). Sentyabrın 12-də ölkəmizin İsveç Krallığındakı səfiri Rafael İbrahimov burada fəaliyyət göstərən Azərbaycan İcma Təşkilatları Federasiyasının 11-ci qurultayının açılışında iştirak etmişdir.
R.İbrahimov qurultayda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan soydaşlarımızla əlaqələrin inkişafına çox yüksək əhəmiyyət verdiyini vurğulamışdır.
İsveçdə yaşayan azərbaycanlıların çox fəal olduğunu deyən diplomat bildirmişdir ki, keçən il səfirlik mədəniyyət sahəsində irimiqyaslı iki layihəni həyata keçirmişdir. Bu tədbirlərdə mindən çox azərbaycanlı, diplomatik korpusun təmsilçiləri, İsveç Krallığının hökumət nümayəndələri iştirak etmişlər. Yeni mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur.
Təhsil sahəsində əməkdaşlıqdan danışan səfir qeyd etmişdir ki, artıq Azərbaycanın Təhsil Nazirliyindən çoxlu dərsliklər əldə olunaraq müxtəlif məktəblərə və dərnəklərə təqdim edilmişdir. Gələcəkdə də bütün Azərbaycan dilli bazar günü təhsil ocaqlarının və İsveçin orta məktəblərinin bu dərsliklərlə təmin olunması planlaşdırılır.
İsveçin paytaxtı Stokholmda artıq Azərbaycan dilində “FM 101” dalğasında müntəzəm radio verilişinin efirə getdiyini bildirən R.İbrahimov demişdir ki, indi isə televiziya proqramlarının yayımının təşkili istiqamətində işlərin aparılması vacibdir.
Çıxışının sonunda səfir bir daha vurğulamışdır ki, səfirlik bundan sonra da İsveçdə yaşayan azərbaycanlılarla sıx əməkdaşlıq edəcəkdir.
######