MƏDƏNİYYƏT
Ölkənin cənubundan qərb bölgəsinə doğru
Lerik, 19 avqust (AZƏRTAC). Avqustun 19-da “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyanın Lerik rayonundan olan iştirakçıları Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ölkəmizin Qərb bölgəsinə yola düşdülər.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Lerik şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Lerik şəhərinin mərkəzi meydanında təşkil olunmuş mərasimdə çıxış edən rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikamızda ilk dəfə təşkil olunmuş maarifləndirici tur-aksiyanın əhəmiyyətindən danışaraq məktəblilərə uğurlu yol, mənalı istirahət arzuladılar.
Qrupun rəhbəri Zamiq Əhədov, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin IX sinif şagirdi Rəşad Abuzərli, həmin liseyin X sinif şagirdi Tacəddin Şükürzadə və Günəşli kənd tam orta məktəbinin XI sinif şagirdi İsmayıl Şirvanzadə tur-aksiyanın təşkilindən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.