SİYASƏT
OMBUDSMAN APARATININ ƏMƏKDAŞI BANQKOKDA KEÇİRİLƏCƏK BEYNƏLXALQ TRENİNQDƏ İŞTİRAK EDƏCƏKDİR
Bakı, 10 yanvar (AZƏRTAC). Ombudsman Aparatının əməkdaşı Zaur Əliyev RETA layihəsi çərçivəsində bu il fevralın 8-dən 11-dək Tailandın paytaxtı Banqkok şəhərində keçiriləcək treninqdə iştirak edəcəkdir.
Z.Əliyev beynəlxalq tədbirdə fikir və təcrübə mübadiləsi aparacaq, Azərbaycan ombudsmanı Elmira Süleymanovanın insan hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verəcəkdir.
Ölkəmizin Ombudsman təsisatının daim inkişafda olan bir qurum kimi fəaliyyətinin əsas məqsəd və məramının insan hüquq və azadlıqlarının həyata keçirilməsinə, pozulmuş insan hüquqlarının bərpasına, demokratiya meyarlarına cavab verən insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsinə yönəldiyi diqqətə çatdırılacaqdır.