SİYASƏT
OMBUDSMAN PARİSDƏ KEÇİRİLƏCƏK BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏKDİR
Bakı, 14 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova sentyabrın 23-dən 25-dək Parisdə Avropanın Uşaq Haqları Ombudsmanları Şəbəkəsinin (ENOC) növbəti illik konfransında iştirak edəcəkdir.
Ombudsman Aparatından bildirmişlər ki, “Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsinə doğru” devizi ilə “Uşaqların maraqları” mövzusuna həsr olunmuş beynəlxalq tədbirə Fransa, İngiltərə, Norveç, Macarıstan, Slovakiya, Lüksemburq, Malta, Gürcüstan, Litva, Xorvatiya və digər ölkələrin ombudsmanları, insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində nüfuzlu beynəlxalq ekspertlər, milli insan hüquqları təsisatlarının təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri qatılacaqlar.
Açılış mərasimində Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammarberq, YUNİSEF-in Brüssel Ofisinin məsul nümayəndəsi Marqaret Vaxenfeld və başqaları konfransın məqsəd və məramını diqqətə çatdıracaqlar.
Tədbirdə ENOC-un son dövr fəaliyyəti, “Uşaqlar üçün yararlı Avropa” proqramının tətbiqi ilə bağlı görülən işlər, uşaq hüquqları üzrə strategiyalar barədə ətraflı məlumat veriləcəkdir.
İştirakçılar ölkədaxili qanunvericilikdə və siyasətdə uşaqların maraqlarının nəzərə alınması, bu işə beynəlxalq dəstək verilməsi, həmin maraqların milli mexanizmlərinin hazırlanması mövzuları üzrə fikir və təcrübə mübadiləsi aparacaqlar.
Azərbaycan Ombudsmanı çıxışında 2009-cu ilin ölkəmizdə Uşaq ili elan olunduğunu, bununla əlaqədar silsilə tədbirlərin davam etdirildiyini, müvəkkilin bu il çərçivəsində fəaliyyətinin YUNİSEF-in “Uşaqları dinləyək və onların iştirakını təmin edək” devizinə uyğun aparıldığını diqqətə çatdıracaqdır.