Onlar "Parla"yırlar!
Bakı, 14 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial Xidmət mərkəzlərində göstərilən xidmətlərdən yararlanan uşaqlardan ibarət “Parla” inklüziv mədəni kollektivi fəaliyyət göstərir.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin mərkəzlərdə sosial reabilitasiya proqramına cəlb olunan istedadlı uşaqlar arasından davamlı olaraq seçim aparılır və onlar üçün kollektivin sıralarına qoşulmaq imkanı yaradılır.
“Parla” inklüziv kollektivinin üzvləri Sosial Xidmət mərkəzlərində öyrəndikləri rəqs, rəssamlıq, bədii qiraət, musiqi alətlərində ifa, əl işlərinin hazırlanması və s. kimi bacarıqlarını əlamətdar günlərə həsr olunmuş müxtəlif mədəni tədbirlərdə nümayiş etdirirlər.
Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inkluziyasına dəstək olmaq, həmçinin onların emosiya və hisslərini ifadə etməsinə, psixoloji və emosional inkişafına töhfə verməkdən ibarətdir.