Onlar sadəcə azadlıq istəyirdilər
Bakı, 20 yanvar (AZƏRTAC). XX əsrdə totalitarizmin ən qanlı qırğın aktlarından biri olan 20 Yanvar faciəsi əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli cinayət idi.
Yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət etməyə gələnlərdən biri də Ombudsman Aparatının əməkdaşı Togrul Acalovdur.
AZƏRTAC-a müsahibəsində Toğrul Acalov demişdir ki, həmin gün xalqımız hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə neçə-neçə günahsız insanlar şəhid oldular. Onlar sadəcə azadlıq istəyirdilər, tək istədikləri bu idi.
T.Acalov bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı, faciəyə hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymət verildi. Ulu öndər Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canlarını uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün layiqincə davam etdirilir. Azərbaycanın artan siyasi, iqtisadi və hərbi gücü nəticəsində ölkəmiz dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biri kimi tanınır.