DÜNYA
Onun cəmi 14 yaşı olsa da, adı artıq ABŞ-ın daşınmaz əmlak bazarında tanınır
Bakı, 13 mart (AZƏRTAC). Onun cəmi 14 yaşı olsa da, adı artıq ABŞ-ın daşınmaz əmlak bazarında tanınır.
Bu qızı tanımayanlar və yalnız adını eşidənlər düşünürlər ki, Uillou Tufano orta yaşlı, qəddar və marağını təmin etməyə, “şikar”ı buraxmamağa çalışan maqnatdır. Lakin Uillou yeniyetmədir və hələ də anası yanında olmayanda özünü narahat hiss edir.
AZƏRTAC ABC-yə istinadən xəbər verir ki, Uillou Tufano Birləşmiş Ştatların daşınmaz əmlak bazarındakı çox ağır böhrandan bəhrələnərək varlanmışdır.
Onun satın aldığı ilk ev beton bloklardan tikilmiş, iki yataq otaqlı kottec olmuşdur. Kotteci 2005-ci ildə 100 min dollara satın alan ailə onu 12 min dollara sata bilmirdi. Uillou da həmin evi 12 min dollara almış və qızın daşınmaz əmlak bazarında yüksəlişi belə başlanmışdır.
Ledi Qaqanın fanatı olan 14 yaşlı qızın indi 45 evi var və onların hər birini də Uillou “su qiyməti”nə satın almışdır.
O demişdir ki, ilk evi satın almaq üçün pulların hamısını özüm yığmışdım. Satışa çıxarılmış evlərin təmizlənməsi ilə məşğul olur, anama yardım edirdim. Onlarla evi təmizləmişdim və aldığım pulları da xərcləməyərək bir yerə yığmışdım.
O, banklardan ipoteka kreditləri götürərək ev alan, amma ağır maliyyə böhranı ucbatından həmin evlərə görə kredit ödəyə bilməyən və bank tərəfindən evi əlindən alınaraq satışa çıxarılan insanların halını başa düşür, onları anlayır. Lakin bununla belə o deyir ki, bu biznesdir və mən də artıq bizneslə məşğulam.
14 yaşlı qız indiyədək evləri ucuz alıb baha satmaqla 45 evə yiyələnmişdir və hamısını kirayəyə vermişdir.