DÜNYA
Onurğanın bərpasında ilk dəfə ayaq sümüklərindən istifadə olunmuşdur
Bakı, 14 dekabr (AZƏRTAC). Bu yaxınlarda 5 yaşlı Rozi Devis üzərində inqilabi əməliyyat aparılmışdır. Həkimlər qızın ayaq sümüklərindən istifadə etməklə onun onurğa sütununu bərpa etmişlər.
AZƏRTAC xəbər verir ki, uşaqda daxili orqanları bir yerdə saxlaya biləcək sümük çatışmayıb, həmçinin o, ayaqlarına da nəzarət etmək imkanından da məhrum idi.
Bütün bunlara səbəb nadir genetik pozğunluq - bel seqmentar disgeneziyası (onurğada beş sümüyün çatışmaması nəticəsində 10 santimetrlik deşik yaramışdır, ayaqlar burulmuş vəziyyətdə idi və demək olar ki, heç nə hiss etmirdi) idi. Uşaq böyüdükcə daxili orqanlar sıxılmış vəziyyətdə qalır və bu da ölümlə nəticələnə bilərdi. Məsələn, son müayinələr uşağın böyrəklərinin zərər çəkdiyini göstərmişdir.
Həkimlər Rozinin ayaqlarını dizə qədər amputasiya etmişlər. Beləliklə də ayaq sümüklərindən istifadə etməklə cərrahlar onurğa sütunundakı pozğunluğu aradan qaldırmağa nail olmuşlar. Bel sümüyünün möhkəmliyi üçün metal ştiftlər tətbiq edilmişdir.
Bu mürəkkəb əməliyyat İngiltərənin Birmingem Uşaq Hospitalında 13 saat ərzində həyata keçirilmişdir. Ekspertlərin sözlərinə görə, hazırda uşağın ayaqlarına həssaslığın qayıtması gələcəkdə protezlərdən istifadə olunmasına ümid verir.