REGİONLAR
Ordubad meyvəçiliyin və tərəvəzçiliyin daha da inkişaf etdirilməsi baxımından geniş imkanlara malikdir
Ordubad, 27 yanvar, AZƏRTAC
Torpağının münbitliyi ilə seçilən Ordubad rayonu meyvəçiliyin və tərəvəzçiliyin daha da inkişaf etdirilməsi baxımından geniş imkanlara malikdir. Mülkiyyətçilər bu torpaqlara düzgün aqrotexniki qulluq göstərməklə keyfiyyətli məhsul yetişdirə və bununla da yaxşı gəlir əldə edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Ordubad rayonunun Düylün kəndində “Torpaq münbitliyinin artırılması yolları və torpaq xəritələrindən istifadə qaydaları” mövzusunda keçirilən seminar-müşavirədə ətraflı danışılıb.
Düylün, Aza, Vənənd və Biləv kəndlərinin torpaq mülkiyyətçilərinin iştirak etdiyi seminar-müşavirədə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamiq Babayev rayonun kənd təsərrüfatı məhsulları istehsalındakı rolundan danışıb və belə tədbirlərin torpaq mülkiyyətçilərinin maariflənməsi baxımından əhəmiyyətini qeyd edib.
Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Bayramov bildirib ki, yaxşı məhsul əldə etmək üçün əraziyə torpaq iqlim şəraitinə uyğun bitkilərin əkilməsi və torpağın gübrə tələbatının müəyyənləşdirilməsi vacib amildir. Bu və digər amillər nəzərə alınaraq “Torpaq xəritələri və qida maddələri kartoqramları” hazırlanaraq kənd bələdiyyələrinə təqdim olunur.
Sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Oqtay Məmmədov “Torpaq ehtiyatları və ondan səmərəli istifadə qaydaları”, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Yaşar Quliyev “Kənd təsərrüfatı bitkilərinin xəstəlik, ziyanverici və alaq otlarına qarşı mübarizə tədbirlərinin əhəmiyyəti” mövzularında çıxış ediblər.
Seminar-müşavirədə torpaq mülkiyyətçilərini maraqlandıran suallar da cavablandırılıb.
Sonda “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru Bəhruz Bayramov “Torpaq xəritələri və qida maddələri kartoqramları”ndan istifadə qaydaları haqqında tədbir iştirakçılarına izahat verib və hazırlanan kartoqramlar kəndlərin bələdiyyə sədrlərinə təqdim edilib.