İQTİSADİYYAT
Ötən il Azərbaycanda 1 458 məcburi audit subyekti auditdən keçib
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycanda məcburi auditdən keçmə səviyyəsi aşağıdır. 2015-ci ildə Azərbaycanda 67 min 500 məcburi audit subyekti olub ki, bunun 1 458-i auditdən keçib.
AZƏRTAC xəbər verir ki, bu fikri Auditorlar Palatasının sədri Vahid Novruzov iyunun 28-də "Korrupsiya ilə mübarizədə və şəffaflığın artırılmasında auditorların qarşısında duran vəzifələr" mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.
Palata sədri deyib ki, son 30 ildə nəinki regionda, hətta dünyada auditorlara etimadın azalması müşahidə olunub. Bu da onunla əlaqədardır ki, auditorlar qarşıya qoyulan vəzifələrin həllinə nail olmayıb. Azərbaycanda son dövrlər maliyyə pozuntuları aşkarlanan bəzi təsərrüfat subyektlərinə auditorların müsbət rəy verdiyi müəyyən olunub. Azərbaycan nadir ölkələrdəndir ki, auditin inkişafına ölkə başçısı dəstək göstərir.
"Audit korrupsiya və fırıldaqçılıq hallarının qarşısının alınmasında mühüm rol oynayır. Buna görə də auditorlar korrupsiyaya qarşı mübarizədə ön planda olmalıdırlar. Dünya təcrübəsi də bunu göstərir. Hər il açıqlanan şəffaflıq indeksinə əsasən, korrupsiyanın ən az olduğu ölkələrin ilk onluğu göstərir ki, həmin ölkələrdə bütün müəssisələrin auditdən keçməsi məcburidir", - deyə V.Novruzov qeyd edib.
Tədbir çərçivəsində Auditorlar Palatası tərəfindən hazırlanmış "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik tövsiyələr"in, "Korrupsiyaya qarşı mübarizədə auditin təşkili üzrə metodik göstəriş" layihələrinin və "Firmaların fırıldaqçılıq riskinin auditorlar tərəfindən qiymətləndirilməsinə dair audit sistemində aparılmış sorğu"nun təqdimatı olub.
Çıxış edən natiqlər korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı Auditorlar Palatası tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirib və hazırlanan metodik tövsiyələrin və metodik göstərişlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıblar.