DÜNYA
Ötən il Gürcüstanda 163 nəfər itkin düşüb
Tbilisi, 1 fevral, AZƏRTAC
Keçən il Gürcüstanda 163 nəfər itkin düşüb, onlardan 112-si tapılıb, 51 nəfər isə hələ də axtarışdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin 2021-ci ildə itkin düşmüş şəxslərin statistikasına dair hesabatında deyilir ki, itkin düşənlərin 159-u Gürcüstan, 2-si Azərbaycan və 2-si Moldova vətəndaşıdır.
İtkin düşən Gürcüstan vətəndaşlarından 12-nin, Moldova vətəndaşlarından isə hər ikisinin cəsədi tapılıb.
Bildirilir ki, 2021-ci ildə ölkədə 42 yeniyetmə itkin düşüb, onların da 6-sı hələ də axtarışdadır.
İtkin düşmüş şəxslərlə bağlı Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, 1973-cü ildən 2021-ci ilin dekabrınadək Gürcüstanda ümumilikdə 6260 nəfər itkin düşüb, onlardan 5261 nəfəri tapılıb, 999 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi