REGİONLAR
Ötən il muxtar respublikada 60 min 127 hektar sahədə əkin aparılmışdır
Naxçıvan, 30 yanvar (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə aqrar sektorda kompleks tədbirlər həyata keçirilir.
Naxçıvan MR Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Ali Məclis Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində ciddi nailiyyətlər əldə olunmuşdur. Belə ki, 2013-cü ildə proqramın qəbul olunduğu 2008-ci illə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,4 dəfə artaraq 222 milyon 964 min manata, heyvandarlıq məhsullarının həcmi isə 91,9 faiz artaraq 114 milyon 163 min manata çatmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatının yaxşılaşdırılması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 348-i 2013-cü ildə olmaqla, ümumilikdə 1227 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınmışdır. Yeni alınmış texnikanın 253-ü 2013-cü ildə lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Aqroservis xidmətləri şəbəkəsinin işinin təkmilləşdirilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası fəaliyyətə başlamışdır. Ötən il məhsul istehsalçıları 4 min 124 ton mineral gübrə ilə təmin olunmuşlar.
2013-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 127 hektar sahədə əkin aparılmışdır.