İQTİSADİYYAT
ÖTƏN İL ÖLKƏ SƏNAYESİNİN İNKİŞAFINDA 6 FAİZLİK ARTIMA NAİL OLUNMUŞDUR
Bakı, 26 yanvar (AZƏRTAC). Dövlət Statistika Komitəsindən bildirmişlər ki, ölkə iqtisadiyyatının davamlı inkişafında əhəmiyyətli rolu olan sənaye kompleksi dinamik inkişaf edir. On ildən artıq dövrdə ardıcıl müşahidə olunan artım 2008-ci ildə də davam etmiş, ümumilikdə ölkə sənayesində 6 faizlik inkişafa nail olunmuş, son beş ildə isə sənayenin real həcmi 2,5 dəfə artmışdır. Neft və qaz hasilatı sənayesində dünyanın inkişaf etmiş ölkələrini təmsil edən iri şirkətlərlə bağlanmış müqavilələr neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə təkan vermişdir. Azərbaycan tarixində neft və qazın hasilatı rekord səviyyəyə çatmış, sənayenin digər sahələri üzrə də irəliləyişlər əldə edilmiş, yeni müəssisələr istifadəyə verilmişdir. 2008-ci ildə ölkədə 28052.0 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir.
Əvvəlki illə müqayisədə neft hasilatı 4,6 faiz, qaz hasilatı 50,4 faiz, digər faydalı qazıntıların hasilatı 22,6 faiz artmışdır. Hasil olunmuş əmtəəlik xam neftin həcmi 44,5 milyon ton, qazın hasilatı isə 16,3 milyard kubmetr təşkil etmişdir.
Rezin və plastik kütlə məmulatlarının istehsalı sahəsində 17,6 faiz, kimya sənayesində 34,2 faiz, maşın və avadanlıq istehsalında 7,9 faiz, dəri, dəri məmulatları və ayaqqabı istehsalında 27,2 faiz, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalında 23,3 faiz, neftin emalında isə 8,4 faiz səviyyəsində artım müşahidə olunmuşdur.
2008-ci ildə istehsalın 93,8 faizi malların, 6,2 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, sənaye məhsulunun 18,8 faizi dövlət müəssisələrində, 81,2 faizi isə özəl bölmədə istehsal edilərək müvafiq olaraq 5,1 və 6,2 faiz çoxalmışdır.
İl ərzində sənaye məhsulu istehlakçılarına 28 milyard manatlıq məhsul göndərilmiş və 2009-cu ilin əvvəlinə sənaye müəssisələrinin anbarlarında əvvəlki dövrlərdən qalan qalıqlar da nəzərə alınmaqla 213 milyon manatlıq və ya dekabr ayının 1-i vəziyyəti ilə müqayisədə 28,5 milyon manat az hazır məhsul ehtiyatı olmuşdur.